Bütöv Azərbaycan Haqqında

Bütöv Azərbaycan haqqında

Bütöv Azərbaycan uğrunda mübarizə həyatımın mənasıdır.

***

Azərbaycanın yüz illərlə parçalanmış, bölünmüş, dağıdılmış cisminin bütünlüyü müqəddəs arzumdur.

***

İnsanın fikrində daima özünün arzu və ideyalarının həyata keçməsi dolaşır. Mənim fikirlərimin mayasını Azərbaycanın tam müstəqil olması, Qarabağın erməni işğalından azad olunması, qaçqınların hamısının öz yerlərinə qayıtması və bütöv Azərbaycan ideyasının yaşaması və gerçəkləşməsi təşkil edir.

***

Ruhi baxımdan Azərbaycan həmişə bütöv olub. Bunun çox adi misalları var. Azərbaycanın quzeyində öyrəndiyimiz tarix və ədəbiyyatda heç zaman ayrılmamışıq. Şah İsmayılı həm dövlətimizin böyük hökmdarı, həm böyük sərkərdəmiz, həm də böyük şairimiz kimi öyrənmişik. Yaxud Təbriz neçə-neçə dövlətimizin paytaxtı olub və biz onun tarixini öyrənmişik. Ağqoyunlu, Qaraqoyunlu, Elxanlılar, Atabəylər dövlətlərini biz öz dövlətimiz sayırıq.

***

Mirzəli Möcüzü də öyrənirik, Şəhriyarı da. Xaqani, deyək ki, Quzeydə doğulub, Güneydə vəfat edib, Təbrizin Surxab qəbiristanlığında dəfn olunub. Buna görə də biz mənəvi-mədəni cəhətdən birik – heç şey parçalanmayıb.

***

Mən Ərdəbildən Bakıya gəlmiş böyük bir din xadimindən soruşdum ki, Novruz bayramı haqqında nə fikirləşirsiniz? Dedi ki, Novruz bayramı islam bayramı deyil; o, qədim zamanlardan var, ancaq islam başqa yaxşı şeylər kimi Novruz bayramını da həyatdan götürməyib özünə birləşdirirdi.

Təsəvvür edin ki, bu ruhun daşıyıcısı olan Azərbaycan türkü gedib Amerikada da yenə o bayramı keçirir, yenə öz dilində danışır, yenə Vətən mahnısı oxuyur, yenə öz ədəbiyyatını öyrənir və s.

Başqa sözlə, insan daşıdığı ruhun içərisindədir və onunla yaşayır. Buna görə də biz materialist deyilik və həyata idealistcəsinə baxırıq – bizim Vətənimiz orduyla, zorla bölünüb və bu bölünmənin millətin ruhuna heç bir təsiri yoxdur. Sadəcə, Vətənimizin üzərindəki süni çəpərləri götürmək, orduları çıxarmaq və yeni xəritə çəkmək lazımdır. Bütövlük bu cür düşünülür.

***

İdealist düşüncədə millət böyük bir ruhdur, ruhun törədicisidir; deməli, o parçalana bilməz. Millətimiz yalnız ərazi baxımından parçalanıb.

***

Biz bu hərəkata materialist kimi yox, idealist kimi başladıq, çünki materializm nəinki köməyə gəlmir, əksinə, mane olur. Ancaq idealizmə söykənəndə bir torpağın ortasından çəkilmiş dəmir pərdənin heç bir əhəmiyyəti yoxdur – onu parçalaya bilməz, çünki insanın ruhunun məhsulu onun ədəbiyyatıdır, tarixidir, fəlsəfəsidir.

***

…Tarixin bir ədalət qanunu da var və gec-tez bu qanun öz yerini tapır. Biz məhz tarixi ədalətin bərpası uğrunda mübarizə aparırıq. Çalışırıq az qan tökülməklə, fəal mübarizə aparmaqla Azərbaycan özünün bütövlüyünü əldə etsin.

***

Bunu (Azərbaycanın birləşməsini – tərtib.) nə həll edir və niyə belə olacaq? Bir neçə fakta baxaq. Birincisi, hər bir xalq tarixən təşəkkül tapmış, yaşadığı mühitin formalaşdırdığı vahid orqanizmdir. İndi o, cismən bölünmüş haldadır. Mənəvi, ruhi, mədəni cəhətdənsə o parçalanmayıb. Sadəcə, yaralanmış xalqdır; ya yarasını sağaltmalı – birləşməli, ya da bu yaradan ölməlidir. […] Bu xalq diridir – yazır, oxuyur, mübarizə aparır, azadlığını alır; deməli, ölməkdən söhbət gedə bilməz, əksinə, yenidən dirilmə zəruri labüdlükdür. Bu, tarixin məntiqinə uyğun təbii proses olacaq. Bunun nişanələri də görünür. Nədə? Rus imperiyasından bütün dünya qorxduğu zaman bizim xalqımız Rusiyanın dəmir sərhəd pərdəsini əliyalın söküb atdı. […] Xalq ən ağır olan bu birinci mərhələni keçdi.

İkincisi, Azərbaycanda Meydan hərəkatı başlayanda hər yerdə “Təbriz”, “Bakı” yazılmışdı. Bakıda hərəkat başlayanda Təbrizdə də müəyyən yığıncaqlar keçirilirdi və son vaxtlar Güneydən olan soydaşlarımız deyirdilər ki, biz Qarabağı azad edəcəyik, biz onu ermənilərdə qoymayacağıq, o, bizim Vətənimizdir. Bunlar göstərir ki, ümumi, bütöv Vətən məfkurəsi mövcuddur. Mən bunu dəfələrlə təkrar edirəm ki, bu, ruhun – böyük xalq ruhunun bütövləşməsi və qayıtmasıdır. Prosesi həll edən budur, yoxsa 5-3 insanın nə düşünməsi kiçik məsələdir.

***

Mən bildirəndə ki Bütöv Azərbaycan hərəkatı başlayıb, deyirlər ki, yox, bu hərəkat çox çətindir, hələ tezdir, buna zaman lazımdır, ortada hələ heç şey yoxdur. Amma bu düşüncələr düzgün deyil.

Hərəkatın başlanması nə deməkdir? Azərbaycanın quzeyində …40-dan çox partiya və təqribən o qədər də ictimai təşkilat …Azərbaycanın bütövlüyünün

tərəfdarıdır.[…]Azərbaycanın güneyində də son vaxtlar 50-yədək təşkilat yaranıb. Bunlar həm ictimai, həm siyasi, həm də mədəni təşkilatlardır, ancaq hamısı Azərbaycan idealıyla yaşayır, Azərbaycanın gələcəyi haqqında düşünür və onu müdafiə edir. Məsələn, Azərbaycanın güneyində olan tələbələr Tehranda bəyanat verdilər. Bu bəyanat bütün dünyaya yayıldı, Azərbaycanın quzeyində də böyük əks-səda verərək dəstəkləndi. Onu təşkil edənlər Təbriz və Meşkin tələbələriydi. İranda onlarca Azərbaycan türkü həbs edilir və Azərbaycanın quzeyində də onların müdafiəsinə səslər ucalır. Bir sıra məsələlərlə bağlı İranın Azərbaycandakı səfirliyi qarşısında piketlər də keçirilir.

Başqa tərəfdən, dünyanın müxtəlif yerlərinə səpələnmiş Güneydən və Quzeydən olan soydaşlarımız Amerikada, Avropada və yaşadıqları digər yerlərdə səslərini ucaldır və Vətənimizə azadlıq istəyir.

Bunlar hələ imkansızlıq şəraitində edilir. Onların böyük maddi imkanları, xüsusi televiziya kanalları və radioları olsaydı, əlbəttə, dəfələrlə artıq iş görə bilərdilər. Hələlik imkan tapan kimi qəzet buraxırlar. Deməli, Bütöv Azərbaycan hərəkatı başlayıb və bu ideyanın daşıyıcıları artıq on milyonlarcadır. […] Deməli, birinci mərhələ – fikir birliyi yaranıb.

***

İkinci mərhələ – dildə birlik də artıq mövcuddur. […] Son vaxtlar, gördüyünüz kimi, dildə birlik uğrunda da ciddi iş gedir. Azərbaycanın güneyindəki milyonlarca yurddaşımız istəyir ki, İranda türk dili dövlət dili olsun. Demək, dil uğrunda da mübarizə gedir. Bu dildə biz eyni zamanda Təbrizin radio verilişlərinə də asanlıqla qulaq asırıq, baxmayaraq ki, Tehran rejiminin xüsusi tapşırığıyla Təbriz televiziya və radiosunun dili əyilir, saxtalaşdırılır – çalışırlar ki, bu cür qüsurlu danışıqla əhalinin beynində fars dilinin, fars sözlərinin təsiri yox olmasın. Ancaq Güney əhli Quzeydə işlənən və artıq ədəbi dil kimi formalaşmış dili inadla öyrənir…

[…] Bu ədəbi dilin yaranmasında Həsənoğlunun, Nəsiminin, Füzulinin, Şah İsmayıl Xətayinin, M.P.Vaqifin, M.F.Axundzadənin, A.A.Bakıxanovun, H.B.Zərdabinin misilsiz əməyi olub. XX əsrin başlanğıcındasa o, C.Məmmədquluzadənin, Ə.B.Haqverdiyevin, Ü.Hacıbəylinin, C.Cabbarlının, S.Vurğunun, Şəhriyarın… əsərləriylə daha da cilalandı, ərəb-fars tərkiblərindən təmizləndi. İndi bu dili Bütöv Azərbaycanda çox həvəslə öyrənir və çox gözəl bilirlər. Buna görə dildə də birlik yaranmaqdadır.

***

Qalır [üçüncü mərhələ olan] işdə birlik. […] İndi həmin mərhələnin astanasındayıq.

[…]Güney Azərbaycan Türk Cümhuriyyəti yaratmaq şüarı da meydana atılıb. Hətta onun Konstitusiyası da yazılıb və qəzetlərdə çap edilib; indisə Bütöv Azərbaycanın Konstitusiyası yazılır.

***

…Onu (birləşmə uğrunda hərəkatı) tənzimləmək, təşkilatlandırmaq lazımdır. Elə bir təşkilat qurmaq gərəkdir ki, bu hərəkatı idarə edə bilsin. Təşkilat məsələlərində zəif olduğumuza, bu işlərə meylli olmadığımıza, aramızda ixtilafların çox olduğuna görə hərəkat bizi qabaqlayacaq; bu, qorxulu hazırlıqsızlıqdır. Hərəkat baş verəcək və idarəsi qalacaq hələ yetişməmiş təşkilatların əlində. Bütöv Azərbaycan hərəkatını bütövləşmiş Azərbaycan təşkilatı idarə etməlidir. Ona görə bu hissə çox məsuliyyətli və ağrılıdır.

***

Doğrudur, dediyimiz kimi, təşkilatlar artıq var, ancaq onlar hələ mərkəzləşməyib və fürsətdən istifadə edib deyə bilərəm ki, bizim özümüz üç gün bundan qabaq (20 dekabr 1997-də – tərtib.) Bütöv Azərbaycan Birliyini yaratdıq və mən onun sədri seçildim.

***

BAB-da Azərbaycanın güneyindən də, quzeyindən də olan bəylər və xanımlar iştirak edirlər. […] Avropada və başqa yerlərdə, lap Tehranda olan qardaşlarımız da bu xəbəri eşidəndən sonra çox sevindilər ki, artıq pərakəndə təşkilatları ümumiləşdirəcək Bütöv Azərbaycan Birliyi yaradılır… […] …Biz onu birləşdirici bir orqan kimi yaratmışıq və çalışacağıq ki, gələcəkdə böyük, güclü siyasi qüvvəyə çevirək.

***

Bunun (bütövləşmənin) necə baş verəcəyini qabaqcadan demək mümkün deyil. Burada bir neçə yol, üsul var. Bizim fikrimizcə, Azərbaycan xalqının azadlıq əzmini səfərbər etmək, bir məcraya yönəltmək mümkün olardısa ən yaxşı yol budur ki, Quzeydəki dövlətimiz güclənsin, müstəqilliyi dönməz olsun, getmiş torpaqları geri qaytarılsın. Bu iş bir yandan, Güneydə milli azadlıq hərəkatının genişlənməsi və bir dövlətin də yaranması başqa yandan getsin. Sonra bu iki tərəf arasında birləşmənin yolları müəyyənləşdirilsin ki, bu iş böyük çaxnaşmalarla baş verməsin. İndiki ziyalılar, siyasətçilər, politoloqlar daha çox bu ehtimalı önə çəkirlər. Bu, ən düzgün yoldur.

***

Mənim ehtimal etdiyim ən düzgün, sakit variant Quzeydəki dövlətin möhkəmlənməsi, güclənməsi, Güneydə yeni dövlətin yaranması və sonradan bunların arasında danışıqlar aparılıb birləşdirilməsidir.

***

200-300 ildir bizi hərtərəfli xəncərləyirlər və biz bu yaraları sağaltmalıyıq. Sağaltmağınsa bircə yolu var – rus imperiyasından qurtulmaq. Sonra da fars şovinizmindən xilas olmaq. Bunları edəndə bütövləşmə məsələsini yoluna qoyarıq. Bu mübarizə davam edəcək, çünki tarixin hökmüdür.

***

Azərbaycanın birləşməsi fikri Azərbaycanda əvvəldən də olub, bu məqsəd uğrunda mübarizə aparılıb. Biz də bu mübarizəni davam etdiririk.

***

Mərhum Seyid Cəfər Pişəvəri Mircəfər Bağırova deyib ki, gəl bu məsələni Azərbaycan KP-nin bürosunda qoyaq və Azərbaycanı birləşdirək. Belə də ediblər – Azərbaycanda KP MK bürosu çağırılıb və Azərbaycanın birləşdirilməsi haqqında qərar qəbul edilib. […] 1946-da – müharibədən sonra. Sov.İKP MK Siyasi Bürosundan xahiş edilib ki, bu məsələ haqqında o da qərar qəbul etsin. Mircəfər Bağırov bu sənədi Stalinin yanına aparıb. Stalin onun məsələyə Siyasi Büroda baxılmaq arzusunu eşidəndə cavab verib: “Büro mənəm. Bu haqda heç söhbət də ola bilməz!”. Sənədi məhv edib. Bağırov bunu olduğu kimi Pişəvəriyə danışıb.

***

Doqquzuncu sinifdəykən tarix müəlliminə sual verdim ki, Azərbaycanın parçalanmasının səbəbi nədir? Bir az izah etdi. Sonra bayıra çağırıb dedi ki, belə suallar verib məni xataya salma…

***

Onuncu sinifdə yataqxanada qalanda bu mübahisələr bir az da genişləndi. İnqilabdan az-çox bilirdik, Pişəvərini də tanıyırdıq. Ordubadda bu məsələdən xəbərdar çoxlu adam vardı. Buradakı mühit Cənubu tez-tez yada salırdı. İkinci kursda olanda məndə bu maraq daha da gücləndi. Məhz bu kursdan artıq beynimdə Azərbaycanın birləşməsi ideya, məfkurə kimi yerləşdi.

***

1989-da sərhədləri, bu dəmir pərdəni dağıdandan sonra istədik hərəkatı gücləndirək və Güneyi də qaldıraq. Bu həyəcanlar Təbrizdə də vardı, başqa şəhərlərdə də; onu gücləndirib ümumxalq üsyanına çevirmək olardı, amma sonra bu üsyanı idarə etməyin çox çətin olduğunu düşünərək dərinə getmədik.

***

Azərbaycan Xalq hərəkatı hələ yarımçıqdır. Mən Səttar xan hərəkatını da yarımçıq sayıram, ona görə ki, Bütöv Azərbaycanı əhatə etmirdi. Bizim hərəkatımız milli azadlıq səviyyəsinə çatmırdı, xalq azadlıq mübarizəsiydi. O, bütövlükdə Azərbaycanı əhatə etsəydi onda milli azadlıq hərəkatı sayıla bilərdi. Ancaq Azərbaycan Xalq hərəkatı hələ davam edir; o, dinamik şəkildə inkişaf edib milli azadlıq hərəkatına çevriləcəkdir. Məsələ ondan sonra bitmiş hesab olunacaq. Bu yol çox uzun və şərəfli yoldur, hələ xeyli davam edəcək.

***

Heydər Əliyev son vaxtlar Tehrana gedəndə ona sual verdilər ki, sizdə Güney Azərbaycan problemi varmı? O dedi ki, bizdə belə problem yoxdur və bu haqda heç düşünmürük də. Deməli, problemdən tamamilə qaçdı. Amma mənsə prezident olanda demişdim ki, bəli, belə problemimiz var və biz Azərbaycanın güneyindəki xalqımızı azad görmək istəyirik; biz xalqımız bütövlükdə azad olanda özümüzü azad sayacağıq.

***

Mərakeşdən başlamış İraqadək, Şimali Afrikadan belə ərəb milləti, ərəb dövlətləri olduğu kimi, Ağ dənizdən başlamış Sakit okeanadək, Uzaq Şərqə qədər hamısı türk torpaqlarıdır, böyük türk millətidir. Sayını 250 milyon da deyirlər, 270 milyon da. Mən də bu millətin övladıyam. Onların arasında biz birinci olaraq Azərbaycanı vəziyyətdən çıxarmalıyıq, çünki Azərbaycan – yaşadığımız bu torpaq ağır durumdadır, erməni işğalı altındadır. Xalqımızın bir hissəsi Rusiyaya gedib, bir hissəsi Gürcüstana qaçıb. Böyük, əsas hissəsi fars rejiminin, fars şovinizminin, Tehran rejiminin hakimiyyəti və işğalı altındadır.

Axı nə üçün 40 milyonluq Azərbaycan türkü param-parça olsun? Niyə birləşməsin? Niyə onun vahid dövləti olmasın?

***

Millətimizin ən böyük tarixi faciəsi onun iki (əslində bir neçə) yerə parçalanmasıdır.

***

Türk birliyinin ilkin yolu Azərbaycanın birliyindən keçir – türk birliyinə yetişməkçün öncə Azərbaycanın birliyinə nail olmaq lazımdır.

***

Azərbaycan hələ özünü tam formalaşdırmayıb, birləşdirməyib, bütövləşdirməyib.

***

Bütün paniranistlər anlayırlar ki, Azərbaycan xalqının azadlıq mübarizəsi başlayıb və o, qarşısıalınmazdır.

***

Hamını qurtuluşçu yoluna çağırıram. Quzeydə erməni işğalçılarını rədd eləmək, Dərbəndi almaq, güneydə fars şovinizmini, İran rejimini rədd etmək, Azərbaycanın müstəqilliyinə nail olmaq və Azərbaycanı birləşdirmək – bu ideya qalib gələcək! Bu, gec də ola bilər, tez də.

***

Məncə, Azərbaycanın bütövləşməsi tarixi o qədər də yaxın deyil. Güney Azərbaycanın müstəqillik, yaxud yarımmüstəqillik əldə etməsi qarşıdakı ən azı 3-4 ilin hadisəsidir. Bu, 2001-

2002-ci ilədək çəkə bilər – bir il irəli, yaxud geri ola bilər. Bütövləşməsə, ola bilsin, uzunmüddətli prosesə çevrilsin.

***

Azadlığı əldə etməninsə çox üsulları var. Azərbaycanın güneyindən olan siyasətçilərdən biri belə yazmışdı ki, slovaklar çexlərdən ayrıldılar – Çexoslovakiya iki dövlətə ağrısız bölündü. Bu, ayrılmanın ən demokratik və sivil formasıdır. Əlbəttə, bu formanı Tehran rejimindən gözləmək mümkün deyil.

Başqa yol da mümkündür – Güneydəki həmvətənlərimiz Tehrana təzyiq etməklə Avropada olan muxtariyyət tipli, yaxud Hindistanın ştatları kimi dövlət qazana bilər. Hind ştatlarında müəyyən idarəçilik orqanları müstəqildir; bu ştatların öz pulu var, daxili idarəçilik də tam sərbəstdir… və s. Güneydə bu forma da mümkündür. Sonra gələcəkdə obiri addım atıla bilər.

Üçüncü yol odur ki, xalq birbaşa ayağa qalxır və öz azadlığına sahib olur. Mənim buna daha çox umudum var, çünki Tehranın islahatlar yoluyla xalqların azadlığını təmin edəcəyinə inanmıram – bu xətt daha çox avropalıların şüuruna yaxındır; baxmayaraq ki, İngiltərə şotlandların müstəqil məclisinin olmasına hələ indi icazə verib. Bəlkə də haçansa İranda da daxili nisbi sərbəstliyi olan idarəçilik sistemi yarana bilər (belə olsa bir addım irəli gedərik), amma mən buna inanmıram. Bəli, mənim fikrimcə, ən yaxşı və doğru bircə yol var ki, Azərbaycan xalqı öz azadlığı uğrunda qəti və sərt mübarizəyə qalxıb istəyini əldə etsin.

***

Əsas odur ki, müstəqil dövlət olandan sonra azad ruhun varlığı, bundan sonrasa onun ifadə edilməsi həll olunmuş olsun. Sonra qalır məsələnin texniki tərəfləri (iqtisadi sistem, mülkiyyətə münasibət və s.). Məsələn, Güneydə xüsusi mülkiyyətdir. İslahatlar yaxşı aparılsa Quzeydə də xüsusi mülkiyyət əsaslı bərqərar olar. Bu, münasibətlərin doğmalaşmasının onlarca şərtindən biridir. Başqa şərtlər də var. Məsələn, birləşmiş dövlətin konstitusiyaca quruluşu necə olsun? Onun paytaxtı hansı şəhərdə yerləşsin? Bunlar məsələnin texniki tərəfidir.

***

Bu, pulla həll olunası məsələ deyil. […] Bizim birləşməyimizçün İran, məsələn, desə ki 10 milyard verin, biz neftimizin hamısını satıb ona verərik – özümüz ac qalarıq, amma o azadlığı alarıq. Sözsüz ki, farslar heç vaxt pul istəməzlər, ancaq kaş istəsinlər, təki insan qanı tökülməsin. Azadlıqsa elə şeydir ki, onu verməyəndə xalq mübarizəyə qalxır və bu yolda qanını tökür.

***

Şəksiz, bizim quracağımız dövlət demokratik və dünyəvi olacaq.

***

Bu gün Bütöv Azərbaycan hərəkatı ictimai-siyasi hərəkatdır.

***

Bu hərəkat gələcəkdə böyük milli hərəkata çevrilməlidir. Azərbaycan xalqı birləşmək istəyirsə bu, onun öz işidir.

***

Bizdə Xalq hərəkatı başlandı, sonra Yanvar hadisələri oldu. Bütün dünya dedi ki, Qorbaçov Bakıya ordu yeritməkdə düz edir və bu, SSRİ-nin daxili işidir – orada fundamentlistlər, millətçilər var və onlar ölkəni parçalamaq istəyirdilər; bu, yolverilməzdir. Üstündən çox yox, il yarım keçdi, biz müstəqil olduq və bizi Yanvarda ittiham edən dövlətlərin hamısı müstəqilliyimizi tanıdı. Yeni müstəqil dövlətləri də bütün dünya tanıdı. Beynəlxalq münasibətlərin qaydası belədir – hamı gerçəkliklə hesablaşır. Başqa cür olsaydı nə SSRİ, nə də Yuqoslaviya dağılardı. İrana münasibət də belədir. Sabah Azərbaycan xalqı azadlığını qazananda ABŞ ona heç nə deyə bilməz və deməz; BMT-nin xalqların öz müqəddəratını təyinetmə prinsipi var. Hətta siyasi üsyanlar baş versə belə o, tanınmalı, müdafiə edilməlidir.

***

Azərbaycanın güneyi ilə quzeyi arasında əlaqənin möhkəmlənməsi üçün hər iki tərəfin latın qrafikalı Azərbaycan əlifbasına keçməsi əsas şərtlərdən biridir.

***

…Rus imperiyasının dövlət maşınının, mexanizminin müəyyən hissəsi ermənilərin əlindədir. Biz bunu heç zaman yaddan çıxarmamalıyıq. Bu həm Cənubi Azərbaycan üçün təhlükəlidir, həm də Şimali; ona görə də bu məsələdə ehtiyatlı və ağıllı hərəkət etmək lazımdır.

***

Azərbaycan Xalq Cəbhəsinin birinci Proqramı yazılanda mənim təkidimlə oraya belə bir bənd salınmışdı ki, Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın quzeyinin müstəqilliyinin və gələcəkdə vahid Azərbaycan dövləti yaranmasının uğrunda mübarizə aparacaq. Bəli, bu, AXC-nin Proqramındadır. Sonradan belə bir maddə Müsavat Partiyasının da Proqramına salındı. Azərbaycanın quzeyində olan bir sıra partiyaların proqramlarında bu, öz əksini tapıb.

***

Bu ictimai-siyasi hərəkatın (Bütöv Azərbaycan hərəkatının – tərtib.) yaranmasında da yenə türklüyün peyğəmbərlərindən olan İsmayıl bəy Qaspıralı`nın fikrini əsas götürürük: dildə birlik, fikirdə birlik, işdə birlik. Öncə dildə birlik olmalıdır, yəni elə etməliyik ki, Təbrizdə, Mərənddə, Ərdəbildə – hər yerdə dinimiz bir olduğu kimi ədəbi dilimiz də bütövləşsin, formalaşsın, bir ədəbi dilimiz yaransın (bu, artıq yaranmaqdadır).

Fikirdə birlik hərəkatı da başlayıb. Soruşsanız, soydaşlarımızın hamısı deyər ki, bəli, biz Vətənimizin birliyinin tərəfindəyik. Deməli, Azərbaycanın bütövlüyü üçün fikir birliyi də yaranıb. İndi başlıca məsələ işdə birlik yaratmaqdır.

Biz Bütöv Azərbaycan Birliyini fikirdə birliyi inkişaf etdirmək və işdə birliyi yaratmaqçün ortaya qoyduq.

***

O böyük vətənpərvərlərimizin, o böyük millətçilərimizin amalını həyata keçirməkçün bu təşkilatı yaratmışıq.

***

Mən Kələkidə olanda yanıma Təbrizdən, Mərənddən, Ərdəbildən, Urmiyadan… çoxlu insanlar gəlirdi. Oralarda yaşayanların adlarını çəkmək istəmirəm, çünki həbs edərlər. Ancaq Güneydən kənarda olanlardan Çingiz Göytürk bu təşkilatın yaradılmasını təklif edənlərdəndir. Sonra Əjdər Tağızadə, Eldar Qaradağlı və başqaları da bu hərəkatın yaranmasının tərəfdarı olublar. Mən, Çingiz bəy, Əjdər bəy, Eldar bəy – güneyli-quzeyli hamımız yığışıb bu hərəkatı yaratmışıq.

***

Tehran rejimi BAB-dan bərk qorxur və bu rejim bizim fəalların adlarını salıb siyahısına, onları bəlkə də haçansa Vətən xaini, rejimin, farsın düşməni elan edəcək. Bizsə deyirik ki, biz farsın düşməni deyilik, biz Tehran rejiminin düşməniyik. Tehran rejimi xalqımıza düşmənçilik edən irticaçı bir rejimdir. Biz onun dəyişdirilməsinin tərəfindəyik. Biz fars millətinə yox, fars şovinizminə, irançılığa qarşıyıq.

Fars şovinizmi türk millətinin hüquqlarını zaman-zaman tapdalayıb. O, Tehran rejiminin əlində bir alətə çevrilib. Biz hər bir xalqın, o sıradan Azərbaycan türklərinin də öz milli müqəddəratını öz torpağında həll etməyin tərəfindəyik və bunun uğrunda mübarizə aparırıq.

***

…Azərbaycanın güneyində yeni bayraq yaranmayacaq – oraya bu bayraq gedəcək.

***

…SSRİ, Yuqoslaviya necə dağıldısa İran da eləcə parçalanacaq .

***

…Dünyanın bir çox dövlətləri də bu fikrə qoşulublar ki, İranda cinayətkar rejim hökm sürür. […] Xalqlara azadlıq verilmir, ölkədə hərbi-polis diktaturası hökm sürür, vicdan azadlığı, söz azadlığı yoxdur – kim müxalif söz desə onu asır, qətlə yetirirlər. Dinimizin hökmünə görə, qız uşağı dar ağacından asılmaz. Ancaq İran nə edir – hökumətin əleyhinə danışdığına görə gecə

onu zorla ərə verərək qızlığını alıb ertəsi gün asırlar! Bundan böyük cinayət ola bilərmi?! Yaxud cinayət etmiş hər hansı adamın boğazına məftil keçirib krandan asır və onu şəhərin küçələrində beləcə gəzdirirlər! Bu cür vəhşilik nə Qur’anda var, nə dində, nə də imanda. Belə allahsız rejim yaşaya bilməz!

***

…Bir ali ruhani minbərə çıxaraq deyir ki, cənnətdə fars dilində danışacaqlar, siz də gərək fars dilini öyrənəsiniz. Xalqın ağsaqqalı, ruhanisi sayılan bu adam xəstədir. Belə adamlarla dövlət, ölkə hara gedəcək? […] Belə rəhbərləri olan dövlət həmişə çökür.

***

Mən özüm də qurtuluşçuyam!

***

Mən demişəm ki, Təbriz azad olunmayınca ora getməyəcəm… Mən Təbrizi azad görmək istəyirəm.

***

Həm mədəni, ideoloji və siyasi mübarizə aparan, həm də qurtuluşçu olan insanlar var. Ancaq elə insanlar da var ki, bu mübarizəni aparsalar da qurtuluşçu deyillər. Mən bunların heç birindən imtina etmirəm.

***

Bu gün doktor Mahmudəli Çöhrəqanlı`yla mən bu yolda addımlayırıq. İnşallah, düşünürəm ki, yaxın bir ilin içərisində Təbrizdə, Tehranda, Mərənddə onlarca, yüzlərcə əbülfəzlər, çöhrəqanlılar, zəhtabilər yetişəcək və birlikdə bu məsələni həll edəcəklər.

***

Mən bu dəfə Təbrizdən inqilab gözləmirəm. Təbrizdə inqilab olsa da bu, əvvəlkilər kimi olmayacaq. Bizimki kimi, yəni Azərbaycanın quzeyindəki kimi olacaq.

***

İnşallah, budəfəki inqilab milli inqilab olacaq, milli öz müqəddəratını təyinetmə hərəkatı olacaq. Və mənə elə gəlir ki, o dərəcədə böyük qanla baş verməyəcək.

***

Xalq öz Vətəninə sahib olacaq və o Vətən batmayacaqdır. Bunun başqa yolu yoxdur!

***

Siz «Dədə Qorqud»u yaxşı bilirsiniz; orada deyilir ki, övladın olmursa eli yığ, topla, toy et, yığıncaq et, hamı Tanrıya dua etsin ki, bəlkə bir ağzıdualının sözünü Tanrı eşidərək sənə oğul, qız verə. Əgər biz birlikdə xalqımızın birləşməsinə dua edəcəyiksə Tanrı səsimizi eşidib onu bizə verəcək. Mən buna tam əminəm.

***

Bir şer var. İstəyirəm ki, o, bizdə el şerinə çevrilsin:

Orda bir Yol var uzaqda;

O Yol bizim yolumuzdur!

Dönməsək də, varmasaq da

O Yol bizim yolumuzdur!

Allah o yolu gedən insanlara yar olsun!

Bir şərh yazın