Azadlıq Haqqında

Azadlıq haqqında

Azadlıq mənəvi tələbatdır, ideya tələbatıdır. Azadlıq təmtəraqlı materialist yaşayışı yox, sadəcə, başqasının köləsi olmamaq, öz düşüncə və əməllərini özünün istədiyi kimi sərbəst gerçəkləşdirməkdir. Budur problemin kökü və bunu insanların bir hissəsi hələ mənimsəməyib. Deyirlər ki, doğrudur, azadlığı qazandıq, ancaq nə olsun, çörək bahalaşdı, hər şeyin qiyməti qalxdı. Çörəyin bahalaşmasının azadlığa nə dəxli var? Ümumiyyətlə, azadlığın dəyərini ürəklə deyil, qarınla müəyyənləşdirmək həm ayrı-ayrı insanların, həm də insan toplumlarının faciəsidir.

***

Hər xalq öz gələcəyini azad şəkildə həll etməlidir – bunun başqa yolu yoxdur.

***

Mən çox şükür edirəm ki, Azərbaycan türkləri azadlıq idealını bu gün bir sıra xalqlardan yüksək səviyyədə mənimsəyib, əsarətə heç cür təslim olmaq istəmirlər.

***

Bütün dünya xalqlarının bir döyüş fəlsəfəsi var – məğlubiyyətinlə razı deyilsənsə hökmən silaha qurşanıb vuruşmalısan; başqa yol yoxdur. Azadlığını düşünən hər bir xalq bunu etməlidir. Bəzən bizdə deyirlər ki, adamlarımız şəhid olur, torpağımızda qan tökülür – bu cür azadlıq nəyə lazımdır? Belə insanlar azadlığı maddi nemət kimi başa düşürlər.

***

Bəzən insanlar düşünürlər ki, azad olsaq yaxşı yeyib-içəcəyik, gözəl güzəran keçirəcəyik; o saat keçirlər materializmə. Azadlıqsa idealist bir məfkurənin, fəlsəfənin, mənəviyyatın məhsuludur – insanın ruhunun qurtuluşudur. Afrikadan aparılan qulları Amerikada çox yaxşı saxlayır, onlardan daha çox faydalanmaqçün onları yaxşı yedirdib-içirir, amma yaxşı da işlədirdilər. Bu qullar həyatlarından razıydılar, çünki Afrikadakından qat-qat yaxşı yaşayırdılar. Amma özünü xoşbəxt sayan bu insanlar quldu, azad deyildi. Bəli, bu cür də yaşamaq olar, ancaq bu, insan həyatı deyil.

***

Milli mübarizəni azadlıq uğrunda mübarizəylə necə birləşdirmək olar? Sovet sistemində bu məsələnin həlli yolu səhv qoyulmuşdu. Marksizm-leninizm milli azadlıq hərəkatını rədd etmir, əksinə, onu özünün tərkib hissəsi sayırdı. Moskvada sosialist ideoloqları deyirdilər ki, milli azadlıq hərəkatı sosializmdən kənar deyil. Məsələn, Misirdə milli azadlıq mübarizəsi gedir. Bəs Moskva ona nə kimi münasibət bəsləməlidir – mənfi, yoxsa müsbət? Misirlilərin azadlıq

mübarizəsi ingilislərə qarşıdır; deməli, “millət azad olmaq istəyir” və bu, əlbəttə, marksizm-leninizm baxımından müsbət hadisədir. Bəs bu savaşı millətçilik saymaq olarmı? “Yox, o, sosialist hərəkatının tərkib hissəsidir”. Bax, bu yanaşma səhvdir – Moskva, əlbəttə, onu mənimsəmək istəyir. İndiki demokratlar bunu düşünə bilmirlər.

Milli azadlıq hərəkatı demokratik hərəkatın tərkib hissəsidir. Biz deyirik ki, Səttar xan hərəkatında demokratik prinsiplər var. Niyə? Nəydi Səttar xanda demokratizm? Bir mübarizədə xalq kütləsi iştirak edirsə o, demokratik xarakter daşıyır, yox, yuxarıdan hərbi çevriliş baş verirsə orada demokratiyadan danışmaq olmaz. Azərbaycanda gedən hərəkatların hamısı bu baxımdan demokratikdir – Səttar xan da, Məmmədəmin də, Xiyabani də, Pişəvəri də demokratik xalq çıxışlarının yönəldiciləri olublar. Çünki onlar məhz xalqın gücüylə, onun vuruşması hesabına hakimiyyət yaradıblar. Pinoçetin hakimiyyətisə demokratik sayıla bilməz, çünki o, hərbi çevriliş edərək hakimiyyəti dəyişdirib.

***

Mustafa Kamal`ın müdrik sözü var ki, xalq azadlığa hazır deyilsə azadlığı əldə etməzdən öncə onu azadlığa hazırlaşdırmalısan; hazır olmadan ona azadlıq versən də itirəcək. Biz də ikiyönlü iş görürdük – həm azadlığa hazırlaşırdıq, həm də azadlığı yetişdirirdik. Məmmədəmin`in sözləriylə desək, məqsədimiz xalqa azadlığı dadızdırmaq idi. Bunun da öhdəsindən müəyyən qədər gəldik və bu gerçəkliyi heç kəs inkar edə bilməz.

***

…Hamımızın bir ideyamız olmalıdır – o da Azərbaycanın azadlığı.

***

Xalqımız doğrudan-doğruya azadlıq idealını mənimsədi. Sadəcə misallara baxın. Rus ordusunu öz ərazisindən yalnız Azərbaycan çıxardı. Nəyə görə? Çünki Azərbaycan xalqı artıq azadlığa yiyələnmişdi, yoxsa heç cür mümkün deyildi. Niyə obirilər bunu bacarmadı? Çünki onlar bu yolu getmədi, Azərbaycan xalqısa getdi. Buna görə də …Almaniyadan, Baltikyanı ölkələrdən rus qoşunları müqavilələrlə, danışaraq, Avropanın böyük təzyiqi altında çıxarılırdısa bizsə bunu öz xalqımızın gücüylə etdik və imperiya bir daha qayıdıb üstümüzə gəlməyə cəsarət göstərmədi – Azərbaycan xalqından qorxdu, çünki onun gücünü 20 Yanvarda görmüşdü.

***

Biz hələ azadlıq uğrunda mübarizə aparırıqsa sosial-demokratiyadan danışmaq olmaz. Azadlıq məfkurəsi bütün qüvvələri birləşdirir. Azadlıq məfkurəsi milli mənada daha üstünləri bütövləşdirir və millət öz müqəddəratını həll eləyir. Millət öz müqəddəratını həll etməyincə ayrıca bir şəxs öz müqəddəratını həll edə bilməz. Milyonumuz da millətə aidik; milyonumuz müqəddəratımızı birgə həll etməmişiksə onu fərd necə həll edə bilər? Ona görə də bu müstəvidə birinci millətçilik gedir.

***

…Azərbaycanda yaranan hər hansı bir partiya Azərbaycan xalqının azadlığı uğrunda mübarizə aparmasa o partiya yaşaya bilməz.

***

Babalardan əziz bir yadigar kimi qalan Vətən eşqini köksündə gəzdirən azərbaycanlılar Azadlığ`ın işığına doğru durmadan yürüyəcəklər! Bu yürüşü dünyada heç bir qüvvə saxlaya bilməyəcəkdir!

***

Bir il bundan qabaq (4 dekabr 1988-də – tərtib.) hər gün, hər dəqiqə, hər an üstümüzə hədələr gəlir, uzaqdan tankların, təyyarələrin gurultusu eşidilirdi. Böyük bir rəhbərliyin tapşırığı ilə tanklar, toplar bizi mühasirəyə alırdılar. Artıq Azərbaycan döyüş meydanına çevrilirdi. Qadınlarımız, qızlarımız qorxmadan onlarla üz-üzə dayandılar. Bu, Azərbaycan xalqının tarixində böyük qəhrəmanlıq səhifəsi idi, onu da şərəflə yazdı.

***

20 Yanvar Azərbaycan tarixinə qızıl hərflə yazıldı, imperiyalar tarixinə qara, qapqara ləkə oldu. «Demokratiya, demokratiya» bağıran Vaşinqton və Moskva Azərbaycan xalqının demokratik hərəkatını qandalladı.

***

Hörmətli Baş katib cənab Peres de Kuelyar! Sizin başçılıq etdiyiniz Birləşmiş Millətlər Təşkilatı dünyanın ən nüfuzlu təşkilatıdır. […] Sizi and verirəm millətlərin qoruduğunuz haqqına – Azərbaycan millətinin Azadlıq haqqını müdafiə etməkdə qüvvənizi əsirgəməyin! Bu gün Vətən eşqindən bizim canımızda aşkar bir dərdimiz var, dərmanı Azadlıq`dır.

***

ABŞ öz azadlığı uğrunda mübarizə aparan xalqlara əməli kömək edir; bu, onun mənəvi borcudur – bir şərtlə ki, xalq bu mübarizəni aparsın.

***

Şəksiz ki, azadlığımız heç bir dövlətin əliylə qazanılmayacaq və qazanılmamalıdır.  Öz azadlığını xalqın özü əldə etməlidir.

***

Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar.

***

Siz – ey dünyanın demokratik qüvvələri! Bilin ki, iki yüz ildir Azərbaycanın azadlığı uğrunda çarpışanları və şəhid olanları dünya dövlətləri “millətçi”, “qiyamçı”, “qaçaq-quldur”, “dinsiz”, “babı”, “panislamist”, “pantürkist”, “əksinqilabçı”, “müsavatçı”, “kosmopolit”, “antisovet”, “başkəsən”, “fundamentalist”, “xomeyniçi”, “ekstremist” və s. adlarla öz xalqlarına tanıtmaq və Azərbaycan xalqına nifrət yaratmaq siyasəti yürüdürlər.İran üsul-idarəsi Azərbaycan mübarizlərini “iğtişaşçı”, “kommunist”, “dinsiz”, “rus agenti” adlandırdığı zaman Rusiya üsul-idarəsi “müsavatçı”, “panislamist”, “fundamentalist”, “burjua agenti”, “türk agenti”, “ekstremist” adlandırmışdı. Hansı şərbaza necə əl verir, elə də edir.

***

Azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqı bu mübarizənin müxtəlif mərhələlərində çətinliklərlə də üzləşib, uğur qazanmağa da nail olub. Bütün çətinliklərə sinə gərərək və uğurlarımıza söykənərək müddətsiz mübarizəni əzmlə davam etdirməliyik.

***

İndi demokratiyadan dəm vuran bəziləri onda deyirdilər ki, azadlığı biz almamışıq, bizə veriblər. Guya bu xalq havayı yerə şəhidlər veribmiş, havayı yerə qırğına gedibmiş!..

***

Azərbaycan iki yüz ildir azadlıq uğrunda çarpışan övladlarının şəhid qanı ilə suvarılır.

***

Siz – ey müqəddəslər müqəddəsi şəhidlər! Tanrı yatdığınız yeri nurla doldursun! Ölməz ruhlarınız qarşısında diz çökürük! Nahaq tökülən qanınız yerdə qalmayacaq!

***

Həmişə Rusiya və İran Azərbaycandan öz məqsədləri üçün bir-birlərinə qarşı istifadə etmiş, Azərbaycanın müstəqilliyi məsələsi meydana çıxanda isə düşmənçiliyi bir yana qoyub müvəqqəti barışmışlar. Hər ikisi də bizim bütöv bir ölkə və millət kimi dinimizlə və mədəniyyətimizlə tam azad olmağımızı istəmir.

***

Dövlət yaşadıqca insanlar öz vətəninə, torpağına sahiblik hissini gücləndirir. Artıq hiss olunur ki, biz istədiyimizə yetişdik. Mən bilirəm ki, Rusiya olmayıb kim olur-olsun, daha Azərbaycanın azadlığı geridönməz amilə çevrilib. Bundan sonra pis-yaxşı, əziyyətli-əziyyətsiz, hər nə cür olsa bu dövlət yaşayacaq. Xalq zaman-zaman özünə gələndən, diktatura və avtoritarizmi sındırandan sonra demokratik cəmiyyət quracaq, millət xoşbəxt yaşayacaq. Məqsəd budur. Məhz bu idealın naminə mən dözdüm, Vətəni tərk edib xaricə getmədim, halbuki mənə dəfələrlə təklif etmişdilər ki, gedirsənsə hər cür kömək edək.

About these ads

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: